Jan Pol Sartr Yalnız həqiqət nekrasov |
XX əsr fransız filosofu, yazıçı və dramaturq, ekzistensialist ədəbi-fəlsəfi cərəyanın yaradıcılarından biri, 1964-cü il Ədəbiyyat üzrə Nobel mükafatına ( "zəmanəmizə mühüm təsir göstərən ideyalarla zəngin, azadlıq ruhu və yaradıcılıq həqiqəti axtarışları ilə aşılanmış əsərlərinə görə") layiq görülsə də, bundan imtina etmişdir. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Jan-Pol Şarl Aymard Sartr dənizçi-mühəndis Jan Batist Sartrın ailəsinin yeganə övladı kimi doğulmuşdu. Anası Ann-Mari Şveytser məşhur alman humanisti, Nobel mükafatı laureatı Albert Şveytserin qardaşı qızı idi. Bir yaşında atasını itirən Jan-Pol ana babası, professor-germanist Şarl Şveytserin himayəsində böyümüşdü. Nəvəsinin istedadını görən Şarl Şveytser onu məktəbdən çıxarmış, evdə xüsusi müəllimlərdən təhsil alması üçün şərait yaratmışdı. 1917-ci ildə anası yenidən ərə gedəndə və onu öz yanına – Fransanın cənubuna aparanda Jan-Pol bundan əməlli-başlı sarsıntı keçirmişdi. 1920-ci ildə Parisə qayıtdıqdan sonra IV Henrix liseyində təhsilini davam etdirmişdi. İlk şeirləri də həmin dövrdə mətbuatda dərc olunmuşdu. Jan-Pol Sartr 1929-cu ildə Ekol Normal Süperyeri birinci dərəcəli diplomla başa vurmuşdu. Bu, lisey və universitetlərdə müəllimlik hüququ verirdi. Hərbi xidmətdən sonra o, Qavr liseyində çalışmış, 1933-1934-cü illərdə isə Almaniyada, Edmund Qussler və Martin Haydegger kimi tanınmış filosofların yanında təcrübə keçmişdi. 1937-ci ildən etibarən müəllimlik fəaliyyətini Parisdə davam etdirməyə başlamışdı. İlk bədii əsərini – "Ürək bulanması" romanını Sartr həyatının Qavr dövründə yazsa da, yalnız 1938-ci ildə nəşr etdirmişdi. Eyni ildə "Nuvel Revyü Fransez" dərgisində "Divar" novellası çap olunmuşdu. Hər iki əsər Fransada yekdilliklə ilin kitabı nominasıyasının qalibi adını qazanmışdı.